Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Gürcüstanın Rustavi və Qardabani şəhərlərində olub.
Təhsil365 xəbər verir ki, bu barədə Dövlət Komitəsindən bildirilib.
Qeyd olunb ki, nümayəndə heyəti Rustavi şəhərində yerləşən “Cümə” məscidini ziyarət edib. Məscidin dini icmasının üzvləri ilə müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Ramin Məmmədov Gürcüstanda yaşayan azərbaycanlıların dini dəyərlərə, milli və etnik köklərə bağlılığının mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Dövlət Komitəsinin sifarişi ilə çap edilmiş kitablar məscidə hədiyyə edilib.
Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti, həmçinin Qardabani şəhərindəki “Marağa” məscidini ziyarət etdikdən sonra “Əl-Hikmət” mərkəzinə gəlib. Burada Gürcüstandakı soydaşlarımıza göstərilən diqqət və qayğıdan, humanitar, mədəniyyət, təhsil sahələrində, o cümlədən dini icmaların inkişafına verilən dəstəkdən bəhs edilib.
Dövlət Komitəsinin sədri Gürcüstandakı azərbaycanlıların milli-mənəvi dəyərlərə bağlılığının qorunub saxlanılmasının Azərbaycan dövlətinin daim diqqət mərkəzində olduğunu vurğulayıb.