Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyunun 19-da ölkəmizdə səfərdə olan Almaniya Federativ Respublikasının Süryani Ortodoks Kilsəsinin rəhbər heyəti ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Dövlət Komitəsindən məlumat verilib.
Görüşdə Azərbaycanın nümunəvi dövlət-din münasibətləri modeli, dövlətin din sahəsindəki siyasəti barədə danışan Dövlət Komitəsinin sədri Ramin Məmmədov Prezident İlham Əliyevin tolerantlıq ənənələrini daha da inkişaf etdirərək dövlət siyasətinə çevirdiyini, ayrı-ayrı dini konfessiyalara münasibətdə heç bir fərq qoyulmadan dini sahəyə daim diqqət və qayğı göstərdiyini və bu uğurlu siyasət nəticəsində Azərbaycanın zəngin tolerantlıq və multikultural dəyərlərinin qorunduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanda dini konfessiyaların fəaliyyətinin dəstəklənməsi məqsədilə mütəmadi olaraq dövlət tərəfindən dini qurumlara maliyyə vəsaiti ayrılır.
Suriya Pravoslav Kilsəsinin Ekumenik Məsələlər üzrə Arxiyepiskopu Mor Julius Hanna Aydın Azərbaycandakı tolerantlıq mühitini, ölkəmizin dinlər və mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsi, müxtəlif milli-mədəni dəyərlərin və multikulturalizm ənənələrinin qorunması istiqamətində göstərdiyi bütün səyləri yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb.
Qeyd edək ki, görüşdə Almaniyadakı Süryani Ortodoks Mor Yaqub Dasruq Kilsəsinin Arxidyakonu Abuna Murat Üzel, Fray Universitetinin əməkdaşı Susi Üzel, Süryani icmasının və Süryani kilsənin 12 nəfərlik idarə heyətinin sədri Andreas Çelik iştirak ediblər.