Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq iyun ayının 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Sabirabad rayonunda vətəndaşların müraciətlərini dinləyib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən "Təhsil365"ə bildirilib ki, görüşdən əvvəl Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad olunub.
Görüşdə Saatlı, Sabirabad, İmişli və Beyləqan rayonlarından olan vətəndaşlar dini icmanın dövlət qeydiyyatına alınması, dini təhsil, maarifləndirmə işinin genişləndirilməsi və digər məsələlərlə bağlı müraciət ediblər.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş görüşdə vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, ərizələri qəbul edilərək müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
Görüşdən sonra Dövlət Komitəsinin sədri Ramin Məmmədov Sabirabadda bir qrup şəhid ailəsi ilə görüşüb. R.Məmmədov şəhid ailələrinin qayğıları ilə yaxından maraqlanıb, qaldırılan məsələlərin həlli ilə bağlı qanunvericilik çərçivəsində tədbirlərin görüləcəyini bildirib.