Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “Din araşdırmaları” jurnalının növbəti nömrəsi elektron formatda dərc edilib.
İnstitutdan “Təhsil365”ə bildirilib ki, jurnala məqalə qəbulu rəsmi internet saytı vasitəsilə elektron şəkildə aparılıb. Fəlsəfə, təfsir, tarix və digər bölmələrdə yer alan elmi məqalələr öz sahəsinin peşəkar və nüfuzlu tədqiqatçıları tərəfindən təqdim edilib.
Jurnalın əsas məqsədi psixologiya və fəlsəfə üzrə, o cümlədən dinin tarixi, fəlsəfəsi, din sosiologiyası və din psixologiyası üzrə Azərbaycan, rus, ingilis, türk və ərəb dillərində hazırlanmış müstəqil tədqiqatları məqalə və resenziya kimi dərc etmək, beynəlxalq aləmdə bu istiqamətdə məlumatların, araşdırmaların artmasına töhfə verməkdir.
“Din araşdırmaları” jurnalının redaksiya heyətinin üzvləri Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Pakistan, Qazaxıstan, İran və İsveçrə kimi ölkələrdə fəaliyyət göstərən nüfuzlu alimlərdən ibarətdir. Bu alimlər tərəfindən jurnala daxil olan məqalələrə anonimlik qorunmaqla rəy verilir.
Elmi nəşrə göndərilən və qəbul edilən məqalələr üçün heç bir ödəniş tələb olunmur. Jurnalda dərc olunan hər məqalə üçün DOI (Digital Object Identifier) təsisçi tərəfindən təmin edilir.
Müəllif məqaləsini göndərmək üçün jurnalın saytında qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalıdır. Məqalələr yalnız sayt üzərindən qəbul edilir.
Jurnal 2020-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən fəlsəfə və psixologiya üzrə elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilib.