Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Milli Mətbuatın yaranmasının 149 illiyi münasibətilə bir qrup media nümayəndələri ilə İcra Hakimiyyətində görüş keçirilib.
Təhsil365 xəbər verir ki, tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, YAP Samux Rayon Təşkilatının sədri Gündüz Bayramov, İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları və mətbuat nümayəndələri iştirak ediblər.
Firdovsi Əliyev media nümayəndələrini peşə bayramı münasibətilə təbrik edib, işlərində uğurlar arzulayıb. Bildirib ki, 149 illiyini qeyd etdiyimiz Azərbaycan Mili Mətbuatı zəngin və mənalı inkişaf yolu keçib. Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub.
Mətbuat nümayəndələri ölkəmizdə kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyət göstərməsi üçün bütün zəruri imkanlar yaradılmasından, Azərbaycan mətbuatının yüksək dövlət qayğısı ilə əhatə olunması istiqamətdə ardıcıl və məqsədyönlü islahatların həyata keçirilməsindən danışaraq göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda Milli Mətbuat günü münasibətilə mətbuat nümayəndələrinə Fəxri Fərmanlar təqdim olunub.