Bu gün ölkəmizin təhsil salnaməsini yaradan, yaşadan "Azərbaycan müəllimi" qəzetinin 90 yaşı tamam olur. Özünün müdriklik çağını yaşayan "Azərbaycan müəllimi" 1934-cü il sentyabrın 2-də "Qommunist məarifi" ("Kommunist maarifi") adı ilə nəşr olunmağa başlayıb. Sonrakı dövrdə, 1938-1941-ci illərdə "Müəllim qəzeti" adı ilə çap olunub, 1946-cı ilin aprelindən bu günə kimi isə "Azərbaycan müəllimi" adı ilə fəaliyyət göstərir.
Tehsil365 xatırladır ki, ötən əsrin 30-cu illərinin ortalarında ölkədə savadsızlığın ləğvi, xalq maarifinin inkişafı, müəllim kadrlarının hazırlanması sahəsində irimiqyaslı işlər pedaqoji mətbuatın yaradılmasını zərurətə çevirmişdi.
Qəzetin əsas məramı ölkəmizdə xalq maarifinin, təhsilin inkişafına xidmət olub. 1934-cü ildə 5 min tirajla dərc olunan qəzetin nüsxələrinin sayı artaraq 1954-cü ildə 20 minə çatıb və geniş oxucu kütləsinin masaüstü qəzetinə çevrilib.
Qəzetin nəşrində başlıca məqsəd ölkədə maarif işlərinin həyata keçirilməsinə dəstək, tədris sahəsində qazanılmış ilk təcrübə və uğurları geniş təbliğ etmək, təhsillə bağlı qarşıda duran vəzifələri gündəmə gətirmək və reallaşdırılmasına nail olmaq idi. Bu mətbu orqan həmçinin "mədəni inqilab"ın əsas təbliğat vasitələrindən olmaqla respublikada milli elmi-pedaqoji kadrların formalaşmasına yaxından kömək edir, xalq maarifinin, təhsilin inkişafında müstəsna rol oynayırdı. Qəzet ilk vaxtlarda kommunist ideyalarının təbliğatçısı kimi nəzərdə tutulub yaradılsa daha çox pedaqoji mətbuat orqanı, ümumxalq qəzeti kimi diqqəti cəlb edirdi. Qəzetin sonrakı illərdə adını dəyişərək “Müəllim qəzeti” kimi dərc olunması da bununla izah olunurdu.
Qəzetin uzunillik tarixini araşdırarkən biz ayrı-ayrı dövrlərdə Azərbaycanın görkəmli, elm, təhsil, ədəbiyyat xadimlərinin bu qəzetlə sıx əməkdaşlıq etdiyini görürük. Görkəmli ədiblərimizdən Abdulla Şaiq, Səməd Vurğun, Mirzə İbrahimov, Sabit Rəhman, Manaf Süleymanov, Qılman İlkin, Osman Sarıvəlli, Əlfi Qasımov, Cabir Novruz, Qabil İmamverdiyev, Qasım Qasımzadə, Bəxtiyar Vahabzadənin və başqalarının imzaları oxucuların ən çox arzuladığı yazılardan xəbər verir. Azərbaycanın dilçi-ədəbiyyat xadimlərindən akademik Həmid Araslı, professor Əziz Mirəhmədov, Əfzələddin Dəmirçizadənin dərsliklər, onların dil xüsusiyyətləri, didaktik əhəmiyyəti, tədrislə bağlı yazıları müəllimlərimiz üçün tükənməz ideya və yaradıcılıq mənbəyi rolunu oynayıb.
İlk maarif nazirlərimizdən Mehdi Mehdizadənin, Mustafa Muradxanov, Əhməd Seyidov, Əbdül Əlizadə, Yəhya Kərimov, Hüseyn Əhmədov, Bəşir Əhmədov, Əjdər Ağayev, Şahin Səfərovun və başqalarının imzaları ilə dərc olunan məqalələr oxunaqlığı ilə seçilib.
Azərbaycan jurnalistikasının korifeyi Şirməmməd Hüseynov, xalq maarif təşkilatçısı Camo Cəbrayılbəyli, gözəl pedaqoq İmamverdi Əbilov, Sosialist Əməyi Qəhrəmanı Zərbəli Səmədov, Ümummilli Lider Heydər Əliyevin hər zaman fəaliyyətinə yüksək qiymət verdiyi Sona Tağıyevanın və başqalarının qələm məhsulları qəzetin ən oxunaqlı məqalələri kimi oxucuların böyük rəğbətini qazanıb.
Görkəmli elm xadimlərindən Xudu Məmmədovun, Azad Mirzəcanzadənin, bəstəkar Fikrət Əmirovun məqalələri də maraqla izlənilən və sevilən qələm məhsullarıdır.
Fəaliyyətinin ilk illərindən ölkənin təhsil sahəsində baş verən yenilikləri, qabaqcıl dünya təcrübəsini oxuculara çatdıran "Azərbaycan müəllimi"nin təkcə respublikamızda deyil, keçmiş ittifaq respublikalarında, hətta xarici ölkələrdə belə, oxucuları olub. Buradaca qeyd edə bilərik ki, xarici ölkələrdə qəzetin 40-dan artıq abunəçisi olub. Bu qəzetin nüfuzunun kifayət qədər geniş olduğunu deməyə əsas verir.
Qəzetdə dərc olunan məqalələr özünün publisistik dəyəri ilə seçilib, o, cəmiyyətimiz üçün bir sıra aktual məsələləri daim diqqətdə saxlayıb. Qəzetin ayrı-ayrı illərdəki saylarında dərc olunmuş məqalələrə diqqət yetirərkən mövzu əhatəliliyi, aktuallığı, dərin ictimai, sosial əhəmiyyəti ilə seçilən araşdırmalara rast gəlmək mümkündür. Bir sıra nöqsanlara qarşı qəzet əməkdaşlarının hazırladıqları reportaj və yazılar araşdırıldıqdan sonra ciddi tədbirlər görülməsi də qəzetin fəal vətəndaşlıq mövqeyindən çıxış etməsinin nəticələridir.
Qəzet ölkəmizdə təhsil jurnalistikasının inkişafına öz misilsiz töhfələrini verib. Bu sahədə qəzetin daimi qələm sahibləri olan mərhum professorlar Şirməmməd Hüseynov və Nurəddin Babayevin xidmətləri xüsusi qeyd olunmalıdır.
Respublikamızda təhsil islahatlarının həyata keçirilməsində, təhsilin və elmin inkişafında, bütövlükdə milli təhsilimizin uğurlarında "Azərbaycan müəllimi" qəzetinin rolu əvəzsizdir. Sevindirici haldır ki, Ümummilli Lider Heydər Əliyevin qəzetin 60 illik, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin isə qəzetin 70 illik yubileyləri münasibətilə redaksiya kollektivinə göndərdikləri təbrik məktublarında "Azərbaycan müəllimi"nin fəaliyyətinə yüksək qiymət verilib. Ulu Öndərin redaksiya kollektivinə ünvanladığı təbrik məktubunda qeyd edildiyi kimi, "Azərbaycan müəllimi" yalnız sahə qəzeti olmaqla kifayətlənməmiş, respublika həyatında baş verən ictimai-siyasi hadisələrə də nüfuz etmişdir. Qəzet respublikamızda jurnalistika sənətinin inkişafı işində əhəmiyyətli rol oynamışdır. "Azərbaycan müəllimi" qəzeti bu gün də öz ənənələrinə sadiq qalaraq pedaqoji maarif istiqamətində fəaliyyətini davam etdirir".
Prezident İlham Əliyevin redaksiya heyətinə təbrik məktubunda isə qeyd olunan "Azərbaycan müəllimi" qəzeti təsis olunduğu gündən etibarən Azərbaycanda təhsilin aktual problemlərinin işıqlandırılmasında, qabaqcıl pedaqoji təcrübənin təbliğində böyük xidmətlər göstərmiş, təhsil müəssisələri üzrə ixtisaslaşmış jurnalistlərin formalaşmasında aparıcı rol oynamışdır” fikirləri mətbu orqanın fəaliyyətinə verilən ən yüksək qiymətdir.
Son illər ərzində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilində baş vermiş köklü dəyişikliklər, elm və təhsilin inkişafı, ölkədə yüzlərlə yeni məktəbin tikintisi və bu sahədə infrastukturun yaxşılaşdırılması sahəsində görülən işlər, müəllim nüfuzunun yüksəldilməsi istiqamətində həyata keçirilmiş diqqətəlayiq işlər, təhsil müəssisələrinin qazandığı uğurlar qəzetin aparıcı mövzularındandır.
Eləcə də Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi misilsiz qayğı, Fondun dəstəyi ilə reallaşdırılan müvafiq layihələr "Azərbaycan müəllimi" qəzetinin səhifələrində öz əksini tapır, cəmiyyətimizdə yüksək məmnunluqla qarşılanır.
Qəzetimizin 44 günlük Vətən müharibəsi dövründə sinfini səngərə dəyişən qəhrəman müəllimlərimizin döyüş şücaətindən bəhs edən yazıları gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi sahəsində ən gözəl örnəklərdən hesab oluna bilər.
Qəzetin arxivinə aid müxtəlif illərdəki çap məhsullarını gözdən keçirəndə onların məzmun genişliyi, elmi-publisistik, təhsil tədqiqatları baxımından müəllimlərimiz, təhsil araşdırmaçıları üçün zəngin mənbə rolu oynadığını görürük. "Azərbaycan müəllimi"nin 90 illik yubileyinə hazırlıq mərhələsində bu mətbu orqanın inkişafının və fəaliyyətinin ayrı-ayrı mərhələlərini izləmək, məlumatlar toplamaq, təhlillər aparmaq məqsədilə dövlər arxivlərində tədqiqatlar aparılıb.
Müstəqil dövlətimizin təhsil siyasətinin həyata keçirilməsində layiqincə iştirak etmək olduqca şərəfli və məsuliyyətli bir işdir. Hesab edirik ki, "Azərbaycan müəllimi" qəzeti öhdəsinə düşən belə ümdə vəzifəni layiqincə yerinə yetirməklə yanaşı, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi işində də öz səylərini əsirgəməyəcəkdir.
Qəzetin 90 illik salnaməsində təhsilimizin, elmimizin, məktəbimizin, onun müəlliminin, tələbəsinin, şagirdinin uğur hekayəsi əksini tapıb. Bu salnamə canlıdır, çünki bu gün üçün aktualdır, bu günlə səsləşir və uzun illər ərzində dəyərini itirməyəcəyinə əminik.
Qeyd edək ki, sentyabrın 5-də Nizami Kino Mərkəzində "Azərbaycan müəllimi" qəzetinin 90 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.