Bu gün Sumqayıtda fəaliyyət göstərən 49 tam orta məktəbdə bilik günü keçirilib. Bütün tədris ocaqlarında geniş, rəngarəng bayram tədbirləri təşkil edilib. Birinci sinfə gedən 5288 nəfər üçün isə ilk dəfə məktəb zəngi çalınıb. Eyni zamanda, IX sinifdə 6043 nəfər, XI sinifdə 4443 şagird 2024-2025-ci tədris ilində təhsil alacaq.
Bu məlumatı “Tehsil365”ə Abşeron-Xızı Regional Təhsil İdarəsinin Sumqayıt şəhəri üzrə təhsil sektorun müdiri İman Ağayev bildirib.
O, böyük və məhsuldar ənənələrə malik Sumqayıt təhsilinin ötən tədris ilindəki nailiyyətindən də danışıb. Qeyd edib ki, 2023-2024-cü dərs ilində Sumqayıt şəhər ümumtəhsil məktəblərinin XI siniflərini 3879 məzun başa vurub. Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuraraq nişanla təltif olunan məzunların sayı 14 nəfər olub. Onlardan 13 nəfəri qızıl, 1 nəfəri isə gümüş nişana layiq görülüb.
Məzunların 2543 nəfəri ali məktəblərə qəbul olub. Qəbulun nəticələrini təhlil edən sektor müdiri abituriyentlərdən 243 nəfərinin 600-dən, o cümlədən 87 nəfərin 650-dən çox bal topladığın qeyd edib. Şəhər üzrə ən yaxşı nəticə Təbiət elmləri təmayüllü gimnaziyaya, Təfəkkür liseyi, İstedad liseyi və Texniki və təbiət elmləri liseyinə məxsusdur. Qeyd olunan təhsil müəssisələrinin məzunlarının hamısı ali məktəblərə qəbul olub, qəbul faizi 100 faizi təşkil edib.
Bütün məktəblərin yeni tədris ilinə tam hazır vəziyyətdə şagirdləri qəbul etdiyin deyən İ.Ağayev məktəblilərin təlim-tədris prosesi ilə 3995 müəllimin məşğul olacağını bildirib.