Azərbaycanın dövlət və qeyri-dövlət ali təhsil müəssisələrində 2023-2024-cü tədris ilində bakalavriat və magistratura səviyyələrində xarici ölkələrin 6680 vətəndaşı təhsil alıb. Onların 891-i MDB ölkələrinin, 5789-u isə digər ölkələrin payına düşür.
“Tehsil365” xəbər verir ki, bu barədə ADPU-dan məlumat verilib.
Bildirilib ki, ADPU-da bakalavriat və magistratura səviyyələri, eləcə də hazırlıq qrupları üzrə DİM və Hökumətlərarası Təqaüd Proqramı yolu ilə 2021/2022-ci tədris ilində 101 nəfər, 2022/2023-cü tədris ilində 96 nəfər, 2023/2024-cü tədris ilində isə 89 əcnəbi tələbə təhsil almışdır.
“Təbii olaraq, Pedaqoji Universitetdə təhsil alan əcnəbi tələbələrin sayının nisbətən az olması və dinamikanın son illərdə bir qədər aşağı düşməsi ilə bağlı sual yarana bilər.
Qeyd edək ki, son illərdə əcnəbi tələbə sayının bir qədər azalması pandemiyadan sonrakı dövrlə bağlıdır. Burada son illərdə ADPU-ya daha çox tələbələrin gəldiyi qardaş Türkiyənin regionlarında bir neçə universitetin açılması da qeyd olunmalıdır.
Ümumilikdə əcnəbi tələbə sayının az olması, daha çox xarici tələbələrin cəlb oluna bilməməsi məsələsi isə, ADPU-nun spesifik olaraq əsasən milli kurikulum əsasında müəllim kadrları hazırlaması ilə bağlıdır.
Buna görə də, Pedaqoji Universitet əsasən Korreksiyaedici təlim, Təhsildə sosial-psixoloji xidmət kimi ümumi xarakterli ixtisaslar üzrə əcnəbi tələbələri qəbul edir”.