Bu il ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adı qazanmış məcburi köçkün gənclərin bir qrupunun işğaldan azad edilmiş Xocalı, Şuşa, Laçın rayonlarına səfəri təşkil olunub.
Bu barədə “Tehsil365”ə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq Komitənin apardığı məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri çərçivəsində gerçəkləşdirilən səfərdə işğaldan azad bütün rayonlardan tələbələr iştirak ediblər.
Səfər zamanı iştirakçılara Prezident İlham Əliyevin tapşırığı ilə Xocalıda, Şuşada və Laçında aparılan bərpa-quruculuq işləri, Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası barədə ətraflı məlumat verilib.
Bildirilib ki, indiyədək Xocalıda 44 ailənin - 169 nəfərin, Şuşada 210 ailənin - 785 nəfərin, Laçında isə 570 ailənin - 2090 nəfərin məskunlaşması tam təmin edilib.
Geri qayıdan əhalinin yaşayış şəraiti ilə yaxından tanış olan tələbələr yaradılan yeni iş yerlərinə və digər infrastruktur obyektlərinə də baş çəkiblər.
Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərə məlumat turlarının təşkili Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində davam etdiriləcək.