Pedaqoji fikir tariximizdə sanballı yeri olan “Əxlaqi-Nasiri” əsərində müəllif oxucusuna: “Varlıqları ən aşağı dərəcədən kainatın ən şərəfli mərtəbəsinə qaldıran sənətdən daha şərəflisi nə ola bilər?”, deyə bəşəri sualla müraciət edir. Əlbəttə, müəllimlik. O sənət ki, bütöv bir cəmiyyət formalaşdırır, millət balalarının təlim, tərbiyə, təhsilində böyük rol oynayır. Yuxarıda adı çəkilən əsərin müəllifi görkəmli filosof Nəsirəddin Tusi "...Əgər yerdə sakit yaşamaq istəyirsənsə, göydə baş verən hadisələri öyrənməlisən..." deyirdi. Və öz layihəsi ilə inşa etdirdiyi Şərqin ən böyük rəsədxanasında çalışırdı. Axı Nəsirəddin Tusi də ən əvvəl müəllim idi. O, qələmə aldıqları, yaratdıqları ilə öyrədirdi. Uşinskinin təbirincə desək, müəllim oxuduqca, öyrəndikcə yaşayır, əksi olduqda isə tənəzzül (şəxsi və ümümi halda) qaçılmazdır...
Həmişə elmi ilə sayılıb-seçilən xalq acı təəssüf ki, oxuyub-yazmağı bacarmamağın dərdini də çəkdi, azarını da yaşadı. Bəzən bunları çox da uzaq olmayan ötən əsri klassiklərimizin yaradıcılığında araq-varaq edəndə görürük. Mirzə Cəlilin avam Novruzəlisi, bisavad "Saqqallı uşağ"ı, öz ana dilində yazılmış adi bir məktubu oxuya bilməyən bütöv bir kənd camaatının kədəri adamı qəm-qüssəyə salır, dərdli-məlallı edir.
Ancaq xalq şairi Bəxtiyar Vahabzadənin iki misrası ataların "ot kökü üstə bitər" misalına, xalqın genetik kodunun sağlamlığına ən gözəl nişanədir: "Daşın dibindən də göyərib çıxar / Çiçəyin toxumu dolu olanda".
Əbəs yerə yazının əvvəlində ensiklopedik zəka sahibi olan Nəsirəddin Tusinin adını çəkmədik. Çünki indi informasiya dövrüdür, müasir texnologiyalar əsridir. İndi göyü də, yeri də bilmək hava-su kimi gərəkdir.
Bildiyimiz kimi, sabah — 5 oktyabr "Müəllim günü"dür. Şagirdlər öz müəllimlərinə ünvanlı intəhasız sevgi və sayğılarını bildirirlər. Bu dəfə ağ rəngli lövhə müxtəlif fənn çalışmalarına deyil, müəllimə ünvanlı şagird sevgisinə şahidlik edir. İlk diqqəti açıq məktub çəkir:
"Əziz və dəyərli Südabə müəllimimiz!
Sizi həm ad gününüz, həm də "Müəllimlər Günü" münasibətilə təbrik edirik.
Yaxşı ki varsınız!" — Lövhənin digər tərəfində ingilis dilində təbrik gözümüzə dəyir: "We love you teacher", "Happy birthday".
Göründüyü kimi, yeni çağın, yeni dövrün məktəbliləri fikirlərini apaydın ana dilində - məktub şəklində, yaxud ingilis dilində çatdırırlar. Onlar yaxşı bilirlər ki, Vətənə sevgi orta məktəbdən, tədris olunan fənləri əxz etməkdən və ən əsası müəllimə sayğıdan başlayır. Böyük azərbaycanlı Heydər Əliyevin də dediyi kimi, "Müəllim adı ən yüksək addır. Mən yer üzündə müəllimdən yüksək ad tanımıram".
Əsgər İsmayılov