Qarabağ Universitetinin rektoru Şahin Bayramov İncəsənət, İqtisadiyyat, Pedaqoji, Turizm, Humanitar və sosial elmlər, Mühəndislik fakültələrinin və “SABAH” qruplarının tələbələri ilə silsilə görüşlər keçirib.
Universitetin mətbuat xidmətindən “Tehsil365”ə verilən məlumata görə, görüşlərin keçirilməsində məqsəd tələbələrə ali məktəbin elmi və pedaqoji istiqamətdə qarşısında duran prioritet məsələlər barədə məlumat vermək, həmçinin onları bu prosesə daha yaxından cəlb etməkdən ibarətdir.
Rektor gəncləri Qarabağ Universitetinin akademik simasının yaradılması və brendə çevrilməsində fəal iştirak etməyə çağırıb. Əlavə edib ki, başlıca hədəf tələbələri yüksəkixtisaslı kadr kimi formalaşdırmaqdır və bunun üçün universitetdə hər bir şərait yaradılıb. Qarabağ Universitetini yeni dövrün müasir ali təhsil ocağı olaraq qurmağın əsas yolunun elmi tədqiqatlara maraq göstərməkdən keçdiyi bildirilib.
O, xarici dil və ixtisaslar üzrə çoxşaxəli biliklərə yiyələnməyin əhəmiyyəti, Xankəndi şəhərində yaşamağın yaratdığı qürur və məsuliyyət hissini tələbələrin diqqətinə çatdıraraq qeyd edib ki, bu ərazilərə ən böyük köç Qarabağ Universiteti tələbələrinin simasında reallaşıb.
Rektor universitetin inzibati və müəllim heyətinin hər zaman tələbələrə dəstək olacağını vurğulayaraq, onlara tələbə həyatlarında uğurlar arzulayıb.
Tələbələr görüşlərdə həm sosial, həm də təhsil həyatı ilə bağlı təkliflərini səsləndirərək rektorla fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, universitet rəhbərliyi tərəfindən bu sahədə görüşlərin müxtəlif formatda mütəmadi olaraq həyata keçirilməsi nəzərdə tutulub.