Azərbaycan Dünya Akademik Sammitində təmsil olunacaq.
Tehsil365 xəbər verir ki, dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri olan “Times Higher Education” (THE) tərəfindən Birləşmiş Krallıqda təşkil olunan THE Dünya Akademik Sammitində Azərbaycan elm və ali təhsilinə həsr olunan panel sessiya keçiriləcək.
7-9 oktyabr tarixlərində Birləşmiş Krallığın Mançester şəhərində “Times Higher Education” (THE) Beynəlxalq Reytinq Agentliyi tərəfindən THE Dünya Akademik Sammiti keçiriləcək. Dünyanın müxtəlif ölkələrindən 500-dən çox nümayəndənin qatılacağı sammitdə təhsil sahəsində aktual mövzular müzakirə olunacaq, o cümlədən “THE 2025 dünyanın ən yaxşı universitetlərinin reytinqi”nin rəsmi nəticələri elan ediləcək.
Sammitin ilk günü “Azərbaycanda tədqiqat əməkdaşlığının inkişafı və beynəlmiləlləşmə: Bakı Dövlət Universitetinin strategiyası” mövzusunda panel sessiya təşkil olunacaq. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova “Azərbaycanda elm və ali təhsilin beynəlmiləlləşməsi” mövzusunda təqdimatla çıxış edəcək. Eyni zamanda, panel sessiyada Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev tərəfindən BDU-nun strateji layihələri, dünyanın nüfuzlu ali təhsil müəssisələri ilə tərəfdaşlığı və Azərbaycanın beynəlxalq tədqiqat şəbəkəsinin genişləndirilməsində rolu təqdim ediləcək.
Sammitdə Azərbaycanın 8-dək qabaqcıl ali təhsil müəssisəsinin nümayəndə heyətinin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, cari ildə dünyanın bir sıra nüfuzlu reytinq cədvəllərində mövqeyini yaxşılaşdıran Azərbaycan ali təhsil müəssisələrinin THE 2025 dünyanın ən yaxşı universitetlərinin reytinqində də mövqeyini gücləndirməsi gözlənilir.