10 oktyabr 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə prokurorluq orqanlarında işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirib.
Bu barədə “Tehsil365”ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, imtahan Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) keçirilib.
İmtahan elektron qaydada kompüter vasitəsilə aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.
İmtahanda iştirak etmiş 307 namizəddən 163 nəfər müsabiqə şərtini (70 və daha çox bal) ödəyərək növbəti mərhələyə buraxılıb.