“Yüksəliş” müsabiqəsinin qalibləri Ruslan Mirzəliyev və Nərgiz İsmayılova tərəfindən Qarabağ Universitetinin tələbələrinə təlim keçirilib
Universtetdən “Tehsil365”ə bildirilib ki, əvvəlcə Qarabağ Universitetinin ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru Nərgiz İsmayılova tələbələri salamlayaraq onlara şəxsi və ünsiyyət bacarıqları, strateji baxış, müstəqil özünü ifadə etmək üsulları və digər həyati bacarıqların inkişaf etdirilməsi barədə məlumat və tövsiyələr verib.
Təlimdə çıxış edən Ruslan Mirzəliyev tələbələri şəxsi inkişaf sahəsində əhəmiyyətli addımlar atmaq barədə məlumatlandırıb. Həm fərdi, həm də sosial sahədə daha böyük nailiyyətlər qazanmaq üçün hədəflərin müəyyənləşdirilməsi, prioritetləşdirmə, vaxtın idarə olunması istiqamətində təcrübələrini bölüşərək məsləhətlər verib.
R.Mirzəliyev yumşaq bacarıqların karyerada rolu mövzusunda da öz fikirlərini tələbələrlə bölüşüb. Bildirib ki, yumşaq bacarıqların həm təhsil, həm də gələcək iş həyatında mühüm yeri olduğundan bu bacarıqlara yiyələnmək əsas şərtlərdən biridir.
Sonda təlimçilər tələbələrin suallarını ətraflı şəkildə cavablandırıb, mövzular ətrafında müzakirə aparıblar.