Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Mehmanxana və restoran biznesi kafedrasının müdiri Novruz Quliyev Rusiyanın Həştərxan vilayətində keçirilən Xəzəryanı Ölkələrin Universitetlər Assosiasiyasının və Elmi-Tədqiqat Mərkəzlərinin XXVI Baş Assambleyasında və “Xəzər dialoqu” adlı beynəlxalq forumda iştirak edib.
ATMU-dan “Tehsil365”ə bildirilib ki, tədbir çərçivəsində baş tutan “Xəzəryanı ölkələrin iqtisadi və sosial-mədəni aspektlərində qlobal tendensiyalar: Şimal-cənub dəhlizində dünyəvi əlaqələrin inkişafı” adlı beynəlxalq elmi-praktik konfransda Novruz Quliyevin “Azərbaycanda multikulturalizm mühiti” adlı məruzəsi dinlənilib. ATMU-nun kafedra müdiri Həştərxan Dövlət Universitetində isə müvafiq ixtisas tələbələri üçün təşkil edilən müzakirə saatının əsas məruzəçisi olub.
Forumda Xəzəryanı ölkələrin universitetlərinin professor-müəllim heyəti və tələbələrindən ötrü turizm marşrutlarının təşkili, turizmin inkişafına dair əhəmiyyətli layihələrin, o cümlədən sahil zonalarında ətraf mühitin qorunması proqramının işlənib- hazırlanması üzrə təkliflər təsdiq edilib.
Beynəlxalq tədbirdə Rusiya, İran, Azərbaycan, Türkmənistan, Qazaxıstan və Özbəkistandan ümumilikdə 120 universitetin nümayəndələri iştirak ediblər.