Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya və tarix fənləri üzrə təşkil olunan “Zəfər” elm müsabiqəsi başa çatıb.
Bu barədə “Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib.
Qurumun əməkdaşı bildirib ki, müsabiqənin noyabrın 6-da Şəki şəhər 11 nömrəli tam orta məktəbdə təşkil olunan yekun mərhələsində 467 məktəbli biliyini sınayıb. Müsabiqənin rayon-şəhər mərhələsində olduğu kimi, finalda da şagirdlərə 20 sualdan ibarət test tapşırığı təqdim edilib. Test suallarının cavablandırılması üçün 90 dəqiqə vaxt ayrılıb. Müsabiqənin qaliblərinin adları yaxın günlərdə elan olunacaq.