Təhsil 365 - Logo Mobile

AzMİU MİT fakültəsində “Ağıllı parkinq qoruyucusu” layihəsinin təqdimatı keçirilib - FOTO

1607.11.2024 - 10:40
AzMİU MİT fakültəsində “Ağıllı parkinq qoruyucusu” layihəsinin təqdimatı keçirilib - FOTO

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Mexanika və informasiya texnologiyaları fakültəsinin tələbələri Nuray Abdullazadə və Cavad Əliyev tərəfindən hazırlanan “Ağıllı parkinq qoruyucusu” layihəsinin təqdimatı keçirilib. Layihə şəhərlərimizdə artan nəqliyyat vasitələrinin yaratdığı park yeri problemini ağıllı və təhlükəsiz bir üsulla həll etməyi hədəfləyir. Sürücülərə real vaxt rejimində məlumatlar təqdim edərək park yeri tapma prosesini asanlaşdıran bu layihə həmçinin vaxt və yanacağa qənaət edərək təhlükəsiz parklanma şəraiti təmin edir.

Universitetdən “Tehsil365”ə bildirilib ki, təqdimat mərasimində fakültənin TEC sədri professor Məzahir İsayev çıxış edərək layihəni yüksək qiymətləndirib. Professor əlavə olaraq digər tələbələri də texnologiya sahəsində öz kreativ fikirlərini reallaşdırmağa, ölkənin gələcək inkişafına töhfə verən layihələrdə fəal iştirak etməyə çağırıb.

Universitetin TEC-in sədri Günel İmamquliyeva isə çıxışında belə layihələrin tələbələrimizə yalnız nəzəri deyil, eyni zamanda praktik bacarıqlar da qazandırdığını, şəhər problemlərinə bu cür həllərin tapmasının sevindirici olduğunu söyləyib. 

Fakültənin TEC-in sədr müavini Elvin Qurbanov da tədbirdə iştirak edib və tələbələrə layihə üzərində daha da irəliləmələri üçün dəstək olacaqlarını bildirib. 

Sonda fakültə TEC-in sədr müavini, 4-cü kurs tələbəsi Seyidağa Əliyev, TEC-in tələbələrə təqdim etdiyi dəstək imkanları və fəaliyyət sahələri haqqında məlumat verib. “TEC olaraq bütün tələbələrimizi innovativ layihələr üzərində işləməyə və öz ideyalarını reallaşdırmağa dəvət edirik” – deyə çıxışında qeyd edib.

Bu təqdimat tələbələrin problemlərə ağıllı yanaşmasını və texnoloji həllər tapmaq bacarığını nümayiş etdirməklə yanaşı universitetdə innovasiya və yaradıcılığı təşviq edən bir mühit yaratmağa xidmət edir.