“Bu sammitdə İsveçrədən başqa, demək olar ki, bütün dövlətlər bu və ya digər formada qazıntı yanacaqları istehsal edən ölkələr olub”.
Tehsil365 xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan tərəfinin COP29-un Azərbaycanda keçirilməsinə dair açıqlamalarına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, demək olar ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının üzvü olan tərəflər qazıntı yanacaqlarının istifadəçisidirlər: “Biz burada yenə də ucuz xarakterli populist elementləri görürük. Bu gün dünyanın real tələbatları var və qazıntı yanacaqları da mövcud dünyanın tərkib hissəsidir. Təbii ki, iqlim dəyişikliklərinə mənfi təsir göstərir, ancaq bunun qarşısını almaq üçün birgə səylərlə çalışmaq lazımdır, nəinki bu cür ucuz və mahiyyət daşımayan müzakirələr aparılmalıdır”.
Prezidentin köməkçisi, həmçinin əlavə edib ki, iqlim sammitinə ev sahibliyi edən ölkələr bu və ya digər formada qazıntı yanacaqları, kömür istehsalçılarıdırlar: “Bizdən əvvəl Avropa ölkələri bu tədbirə ev sahibliyi edib. Məsələn, Polşa. Polşa bu gün dünyada ən çox kömür istehsal edən ölkələr sırasındadır. COP, həmçinin Böyük Britaniyada Qlazqoda keçirilmişdi. Qlazqo dünyada kömür istehsal edən mərkəzlərdən biridir. Ona görə də burada qarşılıqlı ittihamlar deyil, nəticəyönlü müzakirələrə töhfə vermək lazımdır”.