Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) davam edir. Bu gün tədbirin altıncı günüdür. 196 ölkədən 72 min iştirakçı qeydiyyatdan keçdiyi tədbirdə əsas məsələ iqlim dəyişiklikləri ilə mübarizəni daha da gücləndirməkdir.
Tədbirdə ən önəmli məsələlərdən biri də iqlim dəyişikliklərinə diqqət çəkməkdir. Bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Bununla yanaşı ən effektiv yollardan biri də mədəni addımların atılmasıdır. Burada iqlim dəyişiklikləri ilə bağlı filmlərin rolu danılmazdır. Müasir dövrdə iqlim problemləri və onun gələcəkdə göstərəcəyi dağıdıcı təsirləri bir çox rejissorun ilham mənbəyinə çevrilib.
Tehsil365 xəbər verir ki, Modern.az bu mövzuda filmləri araşdıraraq kino tənqidçiləri tərəfindən ən çox bəyənilən film və seriallardan birini təqdim edir.
“Snowpiercer”
Filmləri ilə iqlim dəyişikliklərinə diqqət çəkən rejissorlardan Koreya əsilli Pon Çjun Hod bu filmi 2013-cü ildə ekranlaşdırıb.
Filmdə hadisələr yaxın gələcədə - 2031-ci ildə cərəyan edir. Belə ki, qlobal istiləşmənin qarşısını almaq üçün aparılan təcrübə uğursuzluqla nəticələnir, eksperimentlər nəticəsində temperatur kəskin şəkildə aşağı düşür və dünyada yenidən buz dövrü yaranır. Beləliklə də yaşamaq mümkünsüz hala gəlir. Bu fəlakətdən sağ qalan bir neçə insan "Snowpiercer" adlı qatarda yaşamağa məcbur olur.
Bu qatar relslər üzərində buzları qıraraq donmuş dünyada davamlı dövr edir. Eyni ilə dünyada olduğu kimi qatarda da sosial bərabərsizlik, resursların eyni səviyyədə bölünməməsi, idarə edən və olunanlar arasında kəskin fərq kimi problemləri ortaya çıxır. Aşağı təbəqənin insanları sayca çoxluq təşkil etsə də, onlar qatarın sonuncu vaqonunda, pis şəraitdə yaşamağa məcbur olunur. Nəhayət, bir gün onlar bu ədalətsizliyə son qoymağa çalışırlar...
"The 100"
Kass Morqanın eyniadlı kitab seriasından ilhamlanan rejissorlar 7 mövsüm davam edən film çəkiblər. Film nüvə müharibəsi nəticəsində dünyanın məhv olduğunu, beləliklə də, mədəniyyətlərin yox olduğunu vurğulayır. 12 fərqli millətin nümayəndələrindən sadəcə 400 nəfər sağ qalaraq kosmosda xüsusi gəminin içində yaşamağa başlayırlar. Keçən 97 ildə 3 nəsil bu gəmidə yaşayır və zamanla insanların sayı 4000-ə çatır. Kosmik gəmidə əhali sayına nəzarət üçün ölüm hökmü və sərt qaydalar hökm sürür. Resurslar bitmək üzərə ikən ölüm hökmünü gözləyən 100 nəfər 18 yaşına çatmamış yeniyetmə dünyanın yaşayış üçün əlverişli olub-olmamadığını öyrənmək üçün məcbur Yer planetinə göndərilir. Hadisələr əsasən burada cərəyan edir.