“Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 5.4-cü bəndinə əsasən, dövlət qulluğunda beynəlxalq təcrübəyə əsaslanan səriştə (kompetensiya) modelinin tətbiqi istiqamətində hazırlıq işləri intensiv şəkildə davam etdirilir. Bu strategiya dövlət idarəçiliyində daha şəffaf, effektiv və müasir yanaşmaları tətbiq etməyi, dövlət qulluqçularının peşəkarlıq səviyyəsini artırmaqla vətəndaşlara göstərilən xidmətin keyfiyyətini yüksəltməyi qarşısına məqsəd qoyur.
Səriştə modeli dövlət qulluğuna qəbul, eləcə də dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi zamanı mühüm rol oynayacaq. Bu model çərçivəsində komandada işləmək bacarığı, effektiv kommunikasiya qurmaq, vəzifə öhdəliklərinə məsuliyyətlə yanaşmaq, nəticələr əldə etmək, problem həll etmək və adaptasiya bacarığı kimi mühüm kompetensiyalar əsas meyarlar kimi müəyyən edilir. Bu yanaşma dövlət qulluqçularının həm fərdi, həm də komanda səviyyəsində daha effektiv fəaliyyət göstərmələrini təmin etmək məqsədi daşıyır.
Dövlət İmtahan Mərkəzi beynəlxalq təcrübədə geniş istifadə olunan yeni qiymətləndirmə vasitəsi – situasiya mühakimə testlərinin tətbiqi ilə bağlı işlər aparır.
Bu barədə DİM-dən “Tehsil365”ə məlumat verilib.
Bildirilib ki, bu alət dövlət qulluqçularının səriştələrini daha obyektiv və əhatəli şəkildə qiymətləndirmək üçün nəzərdə tutulub. Hazırda DİM tərəfindən bu testlərin tərtib olunması, uyğunluq parametrlərinin təhlili və təsdiqlənməsi istiqamətində işlər həyata keçirilir.
5, 10 və 11 dekabr 2024-cü il tarixlərində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda yeni alətin keyfiyyət parametrlərinə uyğunluğunu araşdırmaq məqsədilə sınaqların (testlərin aprobasiyası) keçirilməsi planlaşdırılır. Sınaqların əsas məqsədi, situasiya mühakimə testlərinin praktik istifadəyə uyğunluğunu, onların qiymətləndirmə meyarlarına uyğun şəkildə işlənib hazırlanmasını və dövlət qulluqçularının potensialını daha dəqiq müəyyənləşdirməkdə effektivliyini yoxlamaqdır.
Sınaqlara yalnız dövlət qulluqçuları deyil, həm də dövlət qulluğunda çalışmayan ali təhsilli şəxslərin cəlb edilməsi nəzərdə tutulur. Bu yanaşma alətin sınağına müxtəlif əhali qruplarını cəlb etməklə onun daha hərtərəfli yoxlanılmasına şərait yaratmaq məqsədi daşıyır. Sınaqlarda iştirak etmək istəyən şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: