Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) məktəbəqədər təhsil müəssisələrinin koordinatorları ilə görüş keçirilib.
Bu barədə “Tehsil365"ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib
Bildirilib ki, görüşdə BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Əsaslı Tikinti və Təchizat İdarəsinin məktəbəqədər təhsil müəssisələrində apardığı monitorinqlərin nəticələri, idarəetmədə səmərəliliyin artırılması, təlim-tərbiyə prosesinin təşkili, qida təhlükəsizliyi və digər vacib məsələlərdən bəhs edib.
Müdir müavini məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə prosesi zamanı mövcud təlimatlara əməl olunması vəziyyəti, tədris proqramlarının tələblərinin yerinə yetirilməsi, qrupların təşkili normaları, davamiyyət, bağçalar üzrə normativ-hüquqi sənədlərin işlənməsi ilə bağlı fikirlərini bildirib, müvafiq tövsiyə və tapşırıqlarını verib.
Görüşdə uşaqların təhlükəsizliyinə nəzarətin gücləndirilməsi, bağça-icma münasibətlərində səmərəliliyin artırılması və digər məsələlər barədə müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.