Qarabağ Universitetində yeni ixtisaslar yaradılacaq.
Tehsil365 Trend-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir qeyd edib ki, universitetə növbəti tədris ilində təxminən 1500-ə qədər tələbə qəbulu planlaşdırılır.
“Ola bilər ki, bu rəqəm dəyişə də bilər. Əsasən mövcud fakültələr üzərindən yeni ixtisalar da yaradılacaq. Yəni, mövcud fakültələrdə müəllimlik ixtisaslarında yeni sahələr - kimya, biologiya, fizika, coğrafiya müəllimliyi və digər müəllimlik ixtisaslarını çalışacağıq ki, tam əhatə edək”, - deyə o bildirib.
Onun sözlərinə görə, mühəndislik ixtisaslarının da sayı artacaq.
“Bir mənalı olaraq hələ ki bu proses gedir. Tibb fakültəsinin də açılmasını planlaşdırırıq. Tibb fakültəsində ali təhsil səviyyəsində həm tibb, həm də tibb bacısı ixtisaslarının açılması planlaşdırılır. Bundan əlavə, təbiət fənnləri üzrə fakültənin də açılmasını düşünürük”,- deyə E.Əmrullayev bildirib.
Qeyd edək ki, 2024/25-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub və qəbul planı 98,5 faiz dolub. Universitetə qəbul olan tələbələrdən 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Ən yüksək nəticə 683,8 balla hüquqşünaslıq ixtisası üzrə qeydə alınıb. Olimpiada qalibi olan bir abituriyent universitetin elektrik və elektronika mühəndisliyi ixtisasına müsabiqədənkənar qəbul edilib. Ümumilikdə, Qarabağ Universitetinə I-IV ixtisas qrupları üzrə orta qəbul balı 467,6 olub. Bundan əlavə, ilk tədris ilində Qarabağ Universitetində hüquqşünaslıq, xarici dil müəllimliyi (ingilis dili), maliyyə və mühasibat ixtisasları üzrə "SABAH" qrupları təşkil olunub.