Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 1-də Azərbaycan Respublikasının ədliyyə orqanlarına qulluğa qəbul imtahanı keçirir.
DİM-dən “Tehsil365”ə bildirilib ki, imtahanda 185 nəfərin iştirakı nəzərdə tutulur.
İmtahan saat 10:00-da başlanacaq və 3 saat davam edəcək. İştirakçılar imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış ola biləcəklər. Nəticələr, həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.
Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.
İmtahanda namizədlərə 100 test tapşırığı təqdim olunur. Onlardan 80 tapşırıq hüquq və qanunvericilik sahəsi üzrə bilik və bacarıqları, 20 tapşırıq isə məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edir. Hüquq və qanunvericilik sahəsinə aid test tapşırıqları üzrə hər düzgün cavab 1, məntiq üzrə isə hər düzgün cavab 0.5 bal hesabı ilə nəzərə alınır. Toplanıla bilən maksimal bal 90-a bərabərdir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.