2 dekabr 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən Avropa İttifaqı (Aİ) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) birgə təşəbbüsü ilə yaranan Rəhbərlik və İdarəetmədə Təkmilləşməyə Dəstək (SIGMA) proqramı çərçivəsində "Azərbaycan Respublikasının idarəetmə orqanlarında dövlət qulluqçularının texniki səriştələrinin inkişafı" mövzusunda seminar təşkil olunub.
Bu barədə “Tehsil365”ə DİM-dən məlumat verilib.
Seminarda mərkəzi və yerli icra hakimiyyəti orqanlarının dövlət qulluqçuları və DİM-in müvafiq struktur bölmərinin əməkdaşları iştirak ediblər.
Seminarın əsas məqsədi texniki səriştələrin çərçivəsinin hazırlanması prosesi və dövlət qulluğunda tətbiqi ilə bağlı bilik və bacarıqların əldə edilməsi olub. Tədbirdə dövlət qulluğunda iş kateqoriyalarının müəyyən edilməsi, Aİ-nin Tvinninq layihəsi çərçivəsində hazırlanmış kataloq əsasında funksiyalar siyahısının tərtib edilməsi, xüsusi texniki səriştələrin tərtibi üçün planlaşdırılan strukturun təyin edilməsi kimi mövzular müzakirə edilib. Həmçinin mövzu ilə bağlı Belçika Federal idarəetmə sisteminə aid nümunələr iştirakçıların nəzərinə çatdırılıb.
Tədbirin fəaliyyət hissəsində iştirakçılar SIGMA ekspertləri Blanca Lazaro və Linda Aitameur tərəfindən idarəetmədə texniki səriştələrin tətbiqi ilə bağlı praktik tapşırıqlara cəlb olunublar.
Sonda iştirakçılar tərəfindən qrup şəklində yerinə yetirilmiş tapşırıqlar təqdim edilib və müzakirələr aparılıb.