Gəncə, Azərbaycan – 2024-cü ilin 03 dekabrında Gəncə şəhər 3 nömrəli tam orta məktəbdə sağlamlıq imkanları məhdud uşaqlar və gənclər arasında keçirilən idman yarışına böyük maraq göstərildi.
Tehsil365 xəbər verir ki, tədbir peşə təmayüllü siniflər, Fərəh Sosial İctimai Birliyi və Güvən Xeyriyyə İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutdu.
Tədbirin məqsədi sağlamlıq imkanları məhdud iştirakçıların fiziki bacarıqlarını nümayiş etdirmək və onlara bərabərlik, əməkdaşlıq və həmrəylik ruhu aşılamaq idi. Yarışda inklüziv mühitdə 3 komanda öz bacarıqlarını göstərdi və rəqabət eyni zamanda qarşılıqlı dəstək ilə dolu anlar yaşandı.Müxtəlif maneələrdən ibarət tapşıqırları könüllü fiziki tərbiyyə müəllimlərinin müşaiyyəti ilə peşə təmayüllü siniflərin şagirdlərinin dəstəkləri ilə sağlamlıq imkanları məhdud uşaq və gənclər uğurla yerinə yetirdilər.
Yarışın açılış mərasimində məktəbin direktoru Surxay Hüseynov, təşkilati işlər üzrə müavin Elnurə müəllimə və qrup rəhbəri Elnur İsmayılov çıxış edərək, tədbirin əhəmiyyətindən və gənc iştirakçıların göstərdikləri əzm və ruhdan danışdılar.
İdeya müəllifi, ixtisas müəllimi Əzizə Quliyeva isə tədbirin təşkilatçılar arasında önəmli yer tutan peşə təmayüllü siniflərin əməyi ilə bağlı xüsusi qeyd etdi. Onun rəhbərliyi ilə bu cür tədbirlərdə iştirak edən gənclər cəmiyyətə faydalı olmaqla yanaşı, həm də özlərinin inkişafına töhfə verirlər.
Tədbirin sonunda qaliblərə mükafatlar təqdim olundu, həmçinin xatirə şəkli çəkilməsi üçün iştirakçılar səhnəyə dəvət olundu. Yarışın yekununda peşə təmayüllü siniflərin Aşpaz qrupunun təşkil etdiyi çay süfrəsi ilə iştirakçılar və qonaqlar bir araya gəldilər.
Təşkilatçılar bu cür tədbirlərin gənclər arasında həmrəylik və bərabərlik anlayışını gücləndirmək məqsədi daşıdığını qeyd edərək iştirakçılara və dəstək verən hər kəsə dərin təşəkkürlərini bildirdilər.
Bu tədbir sağlamlıq imkanları məhdud uşaqlar və gənclər üçün yalnız idman və əyləncə deyil, həm də sosial əhəmiyyətli bir təcrübə oldu. Təşkilatçılar gələcəkdə bu cür tədbirlərin sayını artırmağı planlaşdırır.