Rumıniyanın Aleksandr İon Kuza adına Yassı Universitetinin nümayəndələri Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya və Fizika fakültələrində olub, iki ali təhsil müəssisəsi arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində müzakirələr aparıblar.
BDU-dan “Tehsil365”ə bildirilib ki, Coğrafiya fakültəsində keçirilən görüşdə Yassı Universitetinin professoru Mihai Bulainiyə buradakı tədris prosesi, elmi fəaliyyətin təşkili, kadr hazırlığı aparılan ixtisaslar barədə məlumat verilib. Görüşdə BDU-nun Coğrafiya fakültəsi ilə Yassı Universitetinin Coğrafiya və geologiya fakültəsi arasında elm-təhsil əlaqələrinin qurulmasına dair müzakirələr aparılıb.
Sonra professor Mihai Bulaini turizm işinin təşkili ixtisasının tələbələri ilə görüşüb, tədris planları oxşar olduğuna görə Yassı Universitetinin Coğrafiya və geologiya fakültəsinin magistratura səviyyəsində təhsil almaq imkanlarının olduğunu diqqətə çatdırıb.
BDU-nun Fizika fakültəsində isə Yassı Universitetinin digər professoru Klaudiu Kostin ilə professor-müəllim heyətinin görüşü keçirilib. Görüş zamanı hər iki universitetin mövcud elmi-tədqiqat imkanları müzakirə olunub, potensial əməkdaşlıq sahələri araşdırılıb və gələcəkdə birgə elmi layihələrin həyata keçirilməsi üçün ilkin razılaşmalar əldə edilib. Həmçinin elmi və akademik təcrübə mübadiləsinin genişləndirilməsi, birgə tədqiqatların aparılması məsələləri müzakirə edilib.
Sonra professor Klaudiu Kostin Fizika fakültəsinin tələbələri üçün seminar keçib. Seminar zamanı Yassı Universitetində bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil imkanları haqqında ətraflı məlumat verilib. Klaudiu Kostin tələbələrin suallarını cavablandıraraq təhsil prosesində beynəlxalq təcrübənin əhəmiyyətini vurğulayıb.