Naxçıvan Dövlət Universitetində Beynəlxalq Könüllülər Günü münasibətilə təbdir keçirilib.
Universitetin Media və ictimaiyyətlə əlaqələr bölməsindən “Tehsil365” xəbər verir ki, tədbirdə ali təhsil ocağının rektoru Elbrus İsayev Naxçıvan Dövlət Universitetində könüllülük fəaliyyətinin təşkili və inkişafının diqqət mərkəzində olduğunu deyib. Bildirilib ki, könüllülər universitetin müxtəlif tədbirlərində fəallıqları ilə seçilir, ali təhsil ocağının nüfuzunu qoruyur və onun inkişafına töhfə verirlər.
Vurğulanıb ki, universitetin könüllüləri, ali təhsil ocağını sadəcə ölkəmizdə deyil, həm də beynəlxalq arenalarda da təmsil edirlər. Son illərdə ali təhsil ocağında könüllülük fəaliyyəti sürətlə inkişaf edib və gəncləri bu istiqamətə cəlb etmək həm də onların iş sahələrində təcrübə qazanmalarına da kömək edir. Rektor könüllülərə təşəkkür edib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Naxçıvan Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri Nicat Yaqubov könüllülər gününün qeyd olunmasının tələbələr arasında sosial aktivliyi artırdığını və onların şəxsi inkişafına töhfə verdiyini vurğulayıb. Bildirib ki, könüllülük fəaliyyəti gənclərin sosial bacarıqlarını artırır və onların potensiallarını üzə çıxarır.
Naxçıvan Dövlət Universitetinin Tələbələrlə iş və tədbirlərin təşkili bölməsinin müdiri, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyn İmanov "Könüllü Bankı" layihəsindən danışıb. Qeyd edib ki, bu platforma könüllü tələbələrin fəaliyyətlərinin koordinasiyasını təmin etməklə yanaşı, onların bacarıq və təcrübələrinin inkişafına da dəstək verəcək. Hüseyn İmanov "Könüllü Bankı"nın, tələbələrin sosial layihələrdə iştirakını artırmaq və gələcəkdə əmək bazarına daha hazırlıqlı kadrlar yetişdirmək məqsədi daşıdığını deyib.
Sonda tədbirdə iştirak edən tələbələr “Fəal könüllü” nominasiyası üzrə diplomla təltif olunublar.