Dekabrın 5-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunan konsert keçirilib.
Bu barədə “Tehsil365”ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Konsert Elm və Təhsil Nazirliyinin təşəbbüsü, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə baş tutub.
Tədbirin keçirilməsində məqsəd Naxçıvanın zəngin tarixi, mədəni irsi və tarixi abidələri, etimologiyası barədə uşaq və gəncləri maarifləndirmək, Azərbaycanın zəngin tarixi keçmişində, ictimai-siyasi və elmi-mədəni həyatında Naxçıvanın oynadığı rolu, görkəmli siyasi və dövlət xadimlərinin xidmətlərini vurğulamaqdan ibarət olub.
Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov, Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, 200 nəfərdən çox məktəbli, valideynlər, pedaqoji heyət və digər qonaqlar iştirak ediblər.
Tədbirdə uşaq və gənclərin ifasında Naxçıvan Muxtar Respublikasına həsr olunan ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, mahnılar səsləndirilib.