Azərbaycan Dövlət Pedaqoji Universitetində Niderland Wittenborg Tətbiqi Elmlər Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan və Rusiya ali təhsil müəssisələrində tədris, təlim və qiymətləndirmə prosesinin daxili keyfiyyət təminatının təkmilləşdirilməsi” (IQAinAR) adlı Erasmus + layihəsi çərçivəsində yekun görüşlər keçirilib.
Tehsil365 xəbər verir ki, Layihənin yekun tədbirlərində, layihə konsorsiumunun üzvü olan 8 ali təhsil müəssisəsi, həmçinin ali təhsil sahəsində fəaliyyət göstərən Niderlandın 415 International BV təşkilatının nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları arasında Niderland Vittenborg Tətbiqi Elmlər Universiteti, İspaniyanın Müqəddəs Entoni Katolik Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Naxçıvan Dövlət Universiteti və Azərbaycan Texniki Universitetinin nümayəndələri yer alıb.
Tədbirin ilk günü iştirakçıları Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova salamlayıb və layihənin əhəmiyyəti barədə danışıb. Daha sonra Niderlandın Vittenborg Tətbiqi Elmlər Universitetinin tədqiqatçısı dr. Rauf Abdul tərəfindən “Keyfiyyət təminatının əsasları və keyfiyyət mədəniyyəti” mövzusunda təlim keçirilib və iştirakçılar arasında qrup işləri təşkil olunub.
Görüşün ikinci günündə layihənin yekun konfransı baş tutub və nümayəndələr kağız təqdimatlar təqdim ediblər.
Görüşün üçüncü günündə isə Niderlandın Vittenborg Tətbiqi Elmlər Universitetinin tədqiqatçısı Amal Abi Orm layihənin yekun mərhələsi, maliyyə məsələlərinin idarə olunması və lazımi sənədlərin vaxtında təqdim edilməsinin vacibliyi barədə məlumat verib.
Görüşün son günündə Niderland Vittenborg Tətbiqi Elmlər Universiteti ilə yerli tərəfdaşlar olan Azərbaycan Dövlət Pedaqoji Universiteti, Naxçıvan Dövlət Universiteti və Azərbaycan Texniki Universitet arasında tələbə-müəllim mübadiləsi barədə müzakirələr aparılıb və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı razılığa gəlinib.
Bu görüşlər layihənin uğurlu yekunlaşmasına töhfə verməklə yanaşı, ali təhsildə keyfiyyət təminatının inkişafı sahəsində təcrübə mübadiləsi üçün də mühüm platforma yaradıb.
1 həftə davam edən görüşün yekununda iştirakçılara sertifikatlar təqdim olunub.