4 dekabr 2024-cü il tarixində GP Cotton Holdings-ə daxil olan "Prime Cotton" MMC və Peşə Təhsili üzrə Dövlət Agentliyi əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığını dəstəkləmək məqsədilə əməkdaşlıq memorandumu imzalayıb.
Tehsil365 xəbər verir ki,imzalanmış memorandum çərçivəsində kənd təsərrüfatı sahəsi üzrə ixtisaslarda qarşılıqlı kadr hazırlığı, müasir tədris planlarının hazırlanması və tətbiqi sahəsində əməkdaşlıq nəzərdə tutulur. Həmçinin, "Prime Cotton" MMC-nin peşəkar mütəxəssislərinin peşə təhsili müəssisələrində tədris prosesinə cəlb olunması da planlaşdırılır.
Görüş zamanı kənd təsərrüfatı istiqamətli peşələrdə innovativ təhsil metodlarının tətbiqi, pambıqçılığın inkişafını təşviq etmək üçün birgə layihələrin həyata keçirilməsi və digər prioritet sahələr üzrə geniş müzakirələr aparılıb. Hər iki tərəf bu əməkdaşlığın effektiv və faydalı olacağına əminliyini ifadə edib.
"Prime Cotton" MMC artıq 30 ilə yaxındır ki, Azərbaycanın qeyri-neft sektorunda uğurla fəaliyyət göstərir. Şirkət pambığın yetişdirilməsi, tədarükü və emalı üzrə ölkənin 15 pambıqçılıq rayonunda geniş fəaliyyət göstərərək, kənd təsərrüfatının inkişafına öz töhfəsini verir.
Bu memorandum "Prime Cotton" MMC-nin kənd təsərrüfatı sahəsində dayanıqlı inkişafı dəstəkləmək və gənc mütəxəssislərin yetişdirilməsinə töhfə vermək missiyasının bir hissəsidir.