9 dekabr 2024-cü il tarixində 27 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan 81 vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verilib.
Bu barədə “Tehsil365”ə DİM-dən məlumat verilib.
Daxili müsahibə elan edilən vəzifələrin 5-i inzibati vəzifələrin dördüncü təsnifatına, 15-i beşinci təsnifatına, 15-i altıncı təsnifatına və 46-sı yeddinci təsnifatına aiddir. Qeyd edək ki, daxili müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (13 vəzifə) tərəfindən təqdim olunub.
Eyni zamanda, daxili müsahibə elan edilən vəzifələrdən 6-sı Naxçıvan Muxtar Respublikasının 3 dövlət orqanı, 29-u isə 11 yerli icra hakimiyyəti orqanı tərəfindən təqdim edilib.
Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdir:
Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər.
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 9 dekabr 2024-cü il tarixindən 23 dekabr 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.