8 dekabr 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional İdarəsinin və DİM-in Xaçmaz Regional Bölməsinin dəstəyi ilə Xaçmaz şəhəri Bəybala Rəsulov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbində regionun ümumi təhsil müəssisələrinin 190 nəfərə yaxın xarici dil fənnini tədris edən müəllimi ilə görüş keçirilib.
Bu barədə “Tehsil365”ə DİM-dən məlumat verilib.
Tədbiri giriş sözü ilə açan Dövlət İmtahan Mərkəzinin Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva görüşün əsas məqsədinin ümumi və tam orta təhsil səviyyələri üzrə xarici dil fənni proqramları və yeni tipli test tapşırığı nümunələrinin pedaqoji heyətə təqdim etmək olduğunu bildirib.
K.Hacıyeva Mərkəzin xarici dillərin tədrisinə qoyulan müasir tələbləri nəzərə alaraq bir sıra tədqiqat əsaslı layihələr həyata keçirdiyini və statistik araşdırmalar apardığını qeyd edib. O, həmçinin əldə olunan nəticələrə əsasən ümumi və tam orta təhsil səviyyələrində yeni təhsil proqramları üzrə təhsilalanların xarici dillər üzrə biliyinin yekun attestasiyası zamanı xarici dil blokunun dillər üzrə ümum-Avpora tövsiyə çərçivə sənədinin müvafiq səviyyələrinə uyğunlaşdırılmasına zərurət yarandığını bildirib. Şöbə müdiri orta məktəb şagirdlərinin yekun attestasiya imtahanı nəticələrinin ildən-ilə müsbət istiqamətdə dəyişdiyini və şagirdlər tərəfindən açıq sualların cavablandırılması üzrə faiz göstəricilərinin artması faktlarını vurğulayıb.
Plenar iclasdan sonra konfrans öz işini ingilis, rus və alman dili fənləri üzrə seminarlarda davam etdirib. DİM-in fənn kuratorları N.Kərimova (ingilis dili), X.Babaşova (rus dili) və M.Muradov (alman dili) müvafiq olaraq ümumi və tam orta təhsil səviyyələrində xarici dil fənni proqramları, həmçinin ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə imtahan modelinə edilmiş dəyişiklik haqqında geniş məlumat veriblər.
Əməkdaşlarımız 2025-ci ildə ilk dəfə ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının xarici dil blokunda tətbiq olunacaq üç ardıcıl şəkil əsasında hekayə qurmaq, yəni yazı bacarıqlarını yoxlayan yeni tapşırıq modelini və qiymətləndirmə meyarlarını, həmçinin müstəqil öyrənməni təşviq etmək üçün şagirdlərin öz bilik və bacarıqlarını yoxlamaları üçün Mərkəzin dərc etdirdiyi resurlarları da təqdim ediblər.
Müzakirələrdə aktiv iştirak edən müəllimlər onları maraqlandıran suallar verərək təkliflərlə çıxış ediblər. İştirakçılar görüşdən məmnun qaldıqlarını və bu cür tədbirlərin mütəmadi keçirilməsinin zəruriliyini vurğulayıblar.
Qeyd edək ki, görüşün əvvəlində müəllimlərlə interaktiv şəkildə ünsiyyəti təmin etmək üçün kiçik onlayn sorğu keçirilib və onların təmsil etdikləri məktəb, tədris etdikləri xarici dil və görüşdən gözləntiləri haqqında suallar təqdim olunub.