Dekabrın 13-də Qusar rayonuna səfər edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb.
Tehsil365 xəbər verir ki, Heydər Əliyev Mərkəzində baş tutan görüşdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov da iştirak edib.
Tövsiyələri ilə çıxış edən nazir müavini Firudin Qurbanov bildirib ki, qarşıda duran prioritet məsələ XXI əsrin tələblərinə cavab verən bilik və bacarıqlara malik, hərtərəfli dünyagörüşünə, öz ailəsinə, cəmiyyətə, dövlətə, ailədə və ölkəmizdə qəbul edilən mənəvi-əxlaqi dəyərlərə hörmət edən, vətənin dinc quruculuğu və müdafiəsinə hazır olan yeni nəslin formalaşdırılmasıdır.
Görüş zamanı təhsil sahəsi üçün müəyyən edilmiş əsas hədəflərdən də danışılıb.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov çıxışında region üzrə tədrisin təşkili ilə bağlı təkliflərini səsləndirib və rəhbərlik etdiyi qurum tərəfindən görülən işlər barədə məlumat verib.
Görüşdə, həmçinin 2023-2024-cü tədris ilində buraxılış imtahanlarında region üzrə ən yüksək nəticə əldə etmiş ümumi təhsil müəssisələrinin rəhbərləri və Qusar rayonu üzrə ən yüksək bal toplayan şagirdlər Quba-Xaçmaz Regional Təhsil İdarəsinin fəxri fərmanı ilə təltif olunublar.
Sonda görüş iştirakçılarının təklifləri dinlənilib və sualları cavablandırılıb.