Sumqayıt Şəhər Məhkəməsində əzab vermədə, xüsusi amansızlıqla qəsdən sağlamlığa az ağır zərərvurmada və qanunsuz olaraq narkotik vasitələri saxlamada təqsirləndirilən Vahid Fərəcovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Tehsil365 Pravda.az-a istinadən xəbər verir ki, hakim Ramiz Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə V.Fərəcov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, Vahid Fərəcov 2023-cü il oktyabrın ortasında Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yaşadığı evdə qızı, 2012-ci il təvəllüdlü Nəzrin Fərəcovanın (şərti) baş nahiyəsini heç bir əsaslı səbəb olmadan odun sobasına salmaq istəyib. Bu zaman qızın sağ çiyni sobaya dəyib. Nəticədə Nəzrinin sağ çiyin nahiyəsi yanıb.
Təqsirləndirilən şəxs həmin il noyabrın sonunda yaşadığı evdə qızının sağ ayağının baş barmağındakı dırnağı kəlbətinlə çəkib övladına əzab verib.
Bundan başqa o, 24 yanvar 2024-cü il tarixdə axşam saatlarında yaşadığı evdə köməksiz vəziyyətdə olan Nəzrinin baş nahiyəsini heç bir əsaslı səbəb olmadan su dolu vedrəyə salıb-çıxarıb. Daha sonra Vahid onu hündürə qaldırıb yerə çırparaq sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirib.
Daha sonra Vahid Fərəcov saxlanılarkən üzərində narkotik vasitə aşkarlanıb.