Sumqayıt Şəhər Məhkəməsində dələduzluqda təqsirləndirilən Səmayə Həsənovanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Tehsil365 Pravda.az-a istinadən xəbər verir ki, hakim Samir İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və S.Həsənova cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub.
İttihama görə, Səmayə Həsənova əvvəlcədən tanıdığı və normal münasibəti olduğu, qonşuluqda yaşayan zərərçəkmiş şəxs M.M.-in (şərti) universitetə qəbul ola bilməyən oğlunu Gəncə Dövlət Universitetinə tələbə kimi qəbul olunmasını təşkil edə biləcəyi barədə yalan vəd verib. O, 2023-cü ildə həmin işin görülməsi müqabilində zərərçəkmişdən özünün yaşadığı evdə 8000 manat pul vəsaitini alaraq dələduzluq edib.
Məhkəmə iclasında Səmayə Həsənova elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərib ki, ixtisasca ingilis dili müəllimidir və uşaq hazırlığı ilə məşğul olur.
O, əməlindən peşman olmasını, zərərçəkmiş şəxs ilə aralarında barışıq olmasını, M.M.-ə vurduğu ziyanı tamamilə ödədiyini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin vurulmuş zərərin iyirmi beş faizi miqdarında, yəni 2000 manat məbləğində dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edib.