16 dekabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetində peşəkar mühasib sertifikatı imtahanları ilə bağlı tələbələrin maarifləndirilməsi məqsədilə görüş keçirilib. Görüşdə Dövlət İmtahan Mərkəzinin əməkdaşı Faiq Abdullayev “Peşəkar mühasib sertifikatının əhməmiyyəti, vacibliyi , imtahanın təşkili metodologiyası və növbəti illərdə keçiriləcək imtahanlarda gözlənilən yeniliklər” mövzusunda təqdimatla çıxış edib.
Tehsil365 xəbər verir ki, DİM əməkdaşı PMS imtahanlarının mahiyyəti və tələbələrin gələcək karyeralarına təsir imkanları, eləcə də imtahan proqramı, tapşırıq nümunələri barədə məlumat verib və iştirakçıların suallarını cavablandırıb.
Qeyd edək ki, peşəkar mühasib sertifikatı ölkəmizdə peşəkar mühasib adını qazanmaq istəyən namizədlər üçün nəzərdə tutulmuş sertifikasiyadır.
PMS imtahanları aşağıdakı növ sertifikatların verilməsi üçün təşkil olunur:
1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;
2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;
3. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə - I səviyyə PMS;
4. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə - II səviyyə PMS.
Sertifikatlaşdırma ikimərhələli imtahan vasitəsilə həyata keçirilir. İmtahanın birinci mərhələsi mühasibat uçotu, ikinci mərhələsi isə sertifikat növündən asılı olaraq büdcə, vergi, mülki və əmək qanunvericiliyi üzrə sualları əhatə edir.
Namizədlərə biliklərin yoxlanması üçün imtahanın hər bir mərhələsi üzrə 40 test tapşırığı təqdim edilir.