Sosial mediada Sumqayıt şəhəri 38 nömrəli tam orta məktəbdə müəllimin şagirdi stulla vurmasına dair görüntülər yayılıb.
Tehsil365 Modern.az-a istinadən xəbər verir ki, məsələ ilə əlaqədar Abşeron-Xızı Regional Təhsil İdarəsi ilə əlaqə saxlanılıb.
Qurumdan bildirilib ki, Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.
"Bildiririk ki, "Təhsilverənlərin etik davranış qaydaları"nı pozduğuna görə müəllim barəsində intizam tənbehi tədbiri görülüb. Eyni zamanda məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən şəxsdən həvalə geri götürülüb.
İdarə tərəfindən təhsil müəssisəsində sağlam psixoloji mühitin təmin ediıməsi məqsədilə valideynlər və müəllimlə maarifləndirici söhbət aparılıb.
Qeyd edirik ki, ümumi təhsil müəssisələrində təlim-tədris prosesi ilə yanaşı, şagirdlərin təhlükəsizliyi və daxili nizam-intizam qaydalarına əməl edilməsinə nəzarət əsas amil kimi daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür", - açıqlamada vurğulanıb.