AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının qərarı ilə “Dilimizin islahı” (Mərkəzi İstilah Komissiyasının nəşri-əfkarı) kitabı nəşr olunub.
İnstitutdan “Tehsil365”ə bildirilib ki, dosent Şəlalə Ana Hümmətlinin nəşrə hazırladığı kitabın baş redaktoru professor Nadir Məmmədli, elmi redaktoru professor Sayalı Sadıqovadır. Kitabda 1923-cü ildə Mərkəzi İcraiyyə Komitəsi nəzdindəki İstilah Komissiyasının mətbu orqanı kimi “Kommunist” qəzetinin xüsusi əlavəsi olaraq çıxan “Dilimizin islahı” qəzetində dərc olunmuş məqalələr toplanıb.
İlk nömrəsi 1923-cü ilin oktyabrında, 7-ci (sonuncu) nömrəsi 1924-cü ilin fevral ayında nəşr olunmuş bu qəzet əlavəsi İstilah Komissiyasının fəaliyyətində mühüm rol oynayıb. Dövrün tələbi ilə yaradılmış, ana dilimizin saflığı, islahı yolunda əhəmiyyətli xidmət göstərmiş “Dilimizin islahı” Azərbaycan dilinin terminologiyasının tarixi inkişafının öyrənilməsi baxımından bu gün də elmi-tarixi dəyərini qoruyub saxlamaqdadır. Qəzetdəki məqalələr ərəb qrafikalı əski əlifbadan müasir əlifbaya ilk dəfə olaraq transfoneliterasiya edilərək elmi ictimaiyyətə təqdim olunur.
Kitab Terminologiya Komissiyasının 100 illiyinə həsr edilib.