“Məktəblərdə fond pulu yığılması təhsil sistemində uzun müddətdir müzakirə olunan problemlərdən biridir. Təhsil pulsuz və əlçatan olmalıdır, çünki bu, hər bir uşağın fundamental hüququdur”.
Tehsil365-ə açıqlama verən təhsil eksperti Əli Ələkbərov, məktəblərdə fond pulu yığılmasının təhsil sistemində ciddi problemlərə yol açdığını vurğulayıb.
Onun sözlərinə görə, artıq fondu pulunun yığılması adi hala çevrilib.
“Təhsil pulsuz və əlçatan olmalıdır, çünki bu, hər bir uşağın fundamental hüququdur. Lakin bəzi məktəblərdə valideynlərdən fond pulu yığılması adi hala çevrilib və bu, hətta 1-ci sinif şagirdlərinin valideynlərindən də tələb olunur ki, bu da narahatedici bir haldır”.
Əli Ələkbərov əlavə edib ki, 1-ci sinifə yeni qədəm qoyan uşaqların ailələri üçün bu, əlavə maliyyə yükü yaratmaqla yanaşı, təhsilə olan inamı zəiflədir.
"Fond pulu adlandırılan bu ödənişlər bəzən könüllü olduğu iddia edilsə də, çox vaxt dolaylı təzyiqlərlə icbari xarakter daşıyır. Bu, təhsil sistemimizin ədalət prinsiplərinə ziddir və sosial bərabərsizliyi daha da dərinləşdirir," – deyə ekspert bildirib.
Məsələnin həlli üçün sistemli islahatların vacibliyini qeyd edən təhsil eksperti, məktəblərin ehtiyaclarının dövlət tərəfindən qarşılanmalı olduğunu və valideynlərin maddi vəsait toplamağa məcbur edilməməli olduğunu vurğulayıb.
"Təhsil yalnız bilik deyil, həm də etika və dəyərlər öyrətməlidir. Uşaqların təhsil aldığı mühitdə maliyyə təzyiqləri olmamalıdır," – deyə Əli Ələkbərov fikirlərini yekunlaşdırıb.