Prezident İlham Əliyevin rəhbərliyi ilə qara qızılın insan kapitalına çevrilməsi strategiyası çərçivəsində 2007-ci ildən etibarən xaricdə təhsil proqramlarına başlanılıb. Bu günə qədər 384 milyon manatdan çox vəsait xaricdə təhsil proqramlarına ayrılıb.
Tehsil365 xəbər verir ki, bunu Dövlət Neft Fondunun icraçı direktorunun müavini Rövşən Cavadov “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın məzunları ilə keçirilən şəbəkələşmə görüşündə deyib. O bildirib ki, Dövlət Neft Fondunun məqsədi təbii sərvətlərdən əldə edilən gəlirləri indiki və gələcək nəsillər arasında balanslı şəkildə bölüşdürməkdir.
Rövşən Cavadov indiyə qədər 5500 tələbənin bu proqramlardan faydalandığını və növbəti dörd ildə daha 2000 tələbənin təhsilinin maliyyələşdiriləcəyini qeyd edib: “Təhsilə qoyulan bu investisiya həm bugünkü, həm də gələcək nəsillərin ən böyük sərmayəsidir. Ölkəmizdə iqtisadiyyat, maliyyə, informasiya texnologiyaları və digər sahələr sürətlə inkişaf edir. Bu inkişaf yüksəkixtisaslı kadrlara ehtiyac yaradır və qabaqcıl universitetlərin sizin kimi məzunlarına olan tələbat hər gün artır”.