Dekabrın 20-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
AMEA-dan “Tehsil365"ə bildirilib ki, iclasda müzakirə olunan ilk məsələ AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin UNESCO-nun mənzil-qərargahında keçirilmiş “Dünyanın leksikoqrafiyada xəritələşdirilməsi: “Divanü lüğat-it-türk” əsərinin 950 illik yubileyi”nə həsr edilmiş beynəlxalq konfransda iştirakı ilə əlaqədar Fransaya səfərinin nəticələri haqqında olub.
İclasda müzakirə edilən növbəti məsələ 2024-cü ilin ikinci yarısı və ilin yekunu üzrə impakt faktorlu jurnallarda dərc olunan məqalələrə görə AMEA əməkdaşlarının mükafatlandırılması və ilin yekunu üzrə qaliblərin müəyyən edilməsi haqqında olub. Akademik İsa Həbibbəyli bildirib ki, hazırda AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini beynəlxalq elmi əlaqələrin gücləndirilməsi, mötəbər beynəlxalq elmi qurum və cəmiyyətlərə üzvlüyün həyata keçirilməsi, elektron elmi resurs və bazalara inteqrasiyanın sürətləndirilməsi ilə bağlı mühüm tədbirlər təşkil edir.
Akademik İsa Həbibbəyli akademiyada çalışan alim və mütəxəssislərin məqalələrinin nüfuzlu elmmetrik bazalarda (Web of Science və Scopus) indeksləşən elmi jurnallarda daha intensiv dərc olunmasını təşviq etmək məqsədilə AMEA Rəyasət Heyəti tərəfindən məqalələrə görə mükafatların verilməsi haqqında qərar qəbul edildiyini bildirib.
İclasda AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri Sərxan Xavəri bu ilin ikinci yarısı üçün akademiya əməkdaşlarının 43 məqaləsinin “Web of Science” və “Scopus”da indeksləşən elmi jurnallarda dərc edildiyini diqqətə çatdırıb.
İclasda, həmçinin AMEA Lənkəran Regional Elmi Mərkəzinin strukturunda qismən dəyişiklik edilərək Ədəbiyyat və tarix şöbəsinin bazasında daxili imkanlar hesabına Ədəbiyyat və azsaylı xalqların folkloru və Tarix, arxeologiya və etnologiya şöbələrinin yaradılması haqqında qərar qəbul edilib.