Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA), AzEdu Azərbaycan Təhsil Portalının birgə təşkilatçılığı və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin tərəfdaşlığı ilə Naxçıvan şəhərində “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəyə” adlı konfrans keçirilib.
Tehsil365 xəbər verir ki, konfrans 21 dekabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Gimnaziyada təşkil edilib.
Konfransın məqsədi təcrübə və yenilik arasındakı tarazlığı təşviq etməkdir. Bu gün gənclərin təcrübəli insanların biliklərindən bəhrələnərək yenilikçi texnologiyaların və ideyaların tətbiqində daha böyük nailiyyətlər əldə etməsi əsas inkişaf istiqamətlərindən biri kimi dəyərləndirilir. Eyni zamanda, təcrübəli şəxslərin də gənclərin enerjisindən və yenilikçi baxışlarından ilhamlanaraq öz biliklərini yeni dövrün tələblərinə uyğun inkişaf etdirmələri üçün şərait yaradılması vacibdir. Bu yanaşma pedaqoji həmrəyliyin möhkəmləndirilməsi və müasir təhsil metodlarının daha geniş tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir.
Tədbir təntənəli şəkildə başlayıb. Belə ki, yüksək vəzifəli şəxslər – Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov və Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa konfransda iştirak edən öz müəllimlərinə yaxınlaşaraq onlara hörmət əlaməti olaraq gül dəstələri təqdim edərək, salamlayıblar.
Konfransın rəsmi hissəsində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqini Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov söyləyib. Nazir çıxışında təhsil sahəsindəki həmrəyliyin önəmindən danışıb.
Tədbirin digər iştirakçıları Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova və AzEdu.az təhsil portalının rəhbəri Tünzalə Abbasova nitqləri ilə çıxış ediblər.
Çıxışlarda müəllim peşəsinin cəmiyyətin inkişafındakı rolu və müasir tədris yanaşmalarının tətbiqinin əhəmiyyəti müzakirə edilib.
Naxçıvanda təşkil edilən tədbirdə rəsmi hissə başa çatdıqdan sonra Heydər Əliyev adına tam orta məktəbin və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin şagirdləri tərəfindən hazırlanan bədii proqram təqdim edilib.
Tədbir Heydər Əliyev adına tam orta məktəbin şagirdləri Amil Mahmudov, Musa Babazadə və Uğur İsmayılovun “Dağların başı qışda qar olar” mahnısının ifası ilə başlayıb. İfa zamanı onlara “Xarı bülbül” ansamblı müşayiət edib. Ardınca Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin nağara dərnəyinin üzvləri “Azərbaycan ritmi” musiqisini təqdim ediblər.
Proqram IXb sinif şagirdi və “Xarı bülbül” ansamblının solisti Uğur İsmayılovun məktəb yoldaşları ilə birlikdə səsləndirdiyi “Bayatı-Şiraz” muğamı və rəngi ilə davam edib. Bədii hissə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin rəqs dərnəyinin təqdim etdiyi “Cəngi rəqsi” ilə yekunlaşıb.
Konfransın əsas hissəsində müəllimlərin iştirakı ilə panel müzakirələri keçirilib.
Moderator Pərvinə Qədimovanın rəhbərliyi ilə təşkil olunan müzakirələrdə bir sıra önəmli mövzulara toxunulub.
Çıxışın birinci hissəsində Rüstəmova Məlahət Oruc qızı – “Şagirdlərin dərsə cəlb edilməsi metodları”mövzusunda geniş müzakirə aparıb.
İkinci çıxışda Tarverdiyeva Gülxara Budaq qızı – “Sinfin idarə edilməsi modelləri” haqqında məruzə ilə çıxış edib.
Sonuncu çıxışda isə Məmmədova Rəxşəndə Mahmud qızı – “Zəif təhsil nəticəsi olan şagirdlərin göstəricilərinin yaxşılaşdırılması” mövzusundan danışıb.
Panel müzakirələri iştirakçılar arasında təcrübə və fikir mübadiləsi üçün geniş imkan yaradıb. Müəllimlərlə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa arasında keçirilən interaktiv sual-cavab sessiyası olub. Təhsil işçiləri özlərini maraqlandıran suallarla çıxış edib, müasir təhsil sisteminin inkişafı, təcrübənin tətbiqi və qanunvericilikdəki yeniliklər barədə deputatdan cavablar alıblar.
Tədbir mükafatlandırma və kollektiv xatirə fotosu ilə yekunlaşıb.
Qeyd edək ki, silsilə konfranslar 1 il ərzində bütün respublikanı əhatə edəcək.