Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII Qrant müsabiqəsinin qalibi olan “Google sertifikatlı pedaqoq” layihəsinin icrasına başlanılmışdır.
Tehsil365 xəbər verir ki, 3 ay davam edən layihənin məqsədi: Təhsilverənlərin Google Education-un təqdim etdiyi beynəlxalq səviyyədə tanınan sertifikatlaşdırma imtahanına qoşulmasını təmin edərək onların peşəkar bacarıqlarını yüksəltmək və onların “Google Sertifikatlı Pedaqoq” adını almalarına nail olmaqdır. Layihənin rəhbəri Təranə Nuriyeva, layihənin təlimçisi isə Avropa Azərbaycan Məktəbində çalışan Həqiqət Əhmədovadır. Həm Bakıdan həm də rayonlardan olan müəllimlər keçilən təlimlərdən yararlanırlar. Təlimlər dekabr ayının ilk həftəsindən icra olunmağa başlanılmışdır. Müəllimlər iki qrupa bölünürlər. Hər qrupda 15 nəfər müəllimin olması verilən mövzuları dərindən mənimsənilməsinə şərait yaradır. Ümumilikdə 30 nəfər təhsilverən bu layihədən faydalanır. Təlimlər peşəkar təlimçi Həqiqət Əhmədova tərəfindən həftədə 2 dəfə həm onlayn həm də əyani şəkildə keçirilməkdədir. Təlim iştirakçıları ümumilikdə 9 həftə olan təlimlər bitdikdən sonra isə ingilis dilində verilən “Google certified educator” Səviyyə 1 və 2 imtahanlarını verəcəklər. Layihə Bakı şəhəri 44 nömrəli tam orta məktəbdə icra olunmaqdadır.
Qeyd edək ki, təlimlər Google proqramının təqdim etdiyi alətləri (Google Meet, Google Drive, Google Docs, Google Sheets və s.)dərindən öyrənilməsinə və praktikada istifadə edilməsinə şərait yaradacaq.