Dövlət İmtahan Mərkəzinin səkkiz əməkdaşının COP29 İqlim Dəyişiklikləri Konfransındakı fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib və onlar təşəkkürnamə ilə təltif olunublar.
Bu barədə “Tehsil365”ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
24 dekabr 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzinin İdarə Heyəti sədrinin müavini Bəhrəm Xəlilov konfransda iştirak etmiş əməkdaşlarla görüş keçirib. Görüşdə Beynəlxalq əməkdaşlıq şöbəsindən Günay Hacılı, İbrahim Mehdiyev və Məhəmməd Gözəlova, Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsindən Kənan Aslanbəyliyə, Dövlət dili və xarici dillər üzrə şöbədən Gülayə Cavadovaya, Təchizat və təsərrüfat şöbəsindən isə Elnur Tağıyev, Elman Əliyev və Hidayət Şirməmmədova cənab Prezidentin təşəkkürnamələri təqdim olunub.
B.Xəlilov COP29 konfransının ölkəmiz, eləcə də dünya üçün əhəmiyyətini vurğulayıb və iştirakçıları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı – COP ali qərar qəbul edən orqandır və hər il dünyanın müxtəlif ölkələrindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir. Bu il 29-cu sessiyası Bakıda keçirilən tədbirdə iştirak etmək üçün 196 ölkədən 72 min iştirakçı qatılıb və qonaqlar arasında 80 prezident, vitse-prezident və baş nazir olub.