25 dekabrda baş verən təyyarə qəzası yalnız bir aviasiya faciəsi deyil, həm də ölkəmizin tarixi və geopolitik münasibətləri üçün mühüm dərslər təqdim edir. Tarix dərsliklərinə daxil edilməsi təklif olunan bu hadisə gənc nəsillərə obyektiv və dəqiq şəkildə çatdırılmalıdır.
Bu fikirləri "Təhsil365"ə açıqlamasında tarix müəllimi, təhsil eksperti Əli Ələkbərov deyib. O, bu mövzu ilə bağlı bunları bildirib:
"Təyyarə qəzası təkcə bir faciə deyil, həm də Rusiyanın bizə qarşı uzun illərdir dostluq adı altında apardığı düşmənçiliyin bir nümunəsidir. Bu hadisənin dərsliklərə daxil edilməsi gənclərə tarixi həqiqətləri öyrətməklə yanaşı, gələcəkdə belə faciələrin qarşısını almağa kömək edəcək. Burada bütün həqiqətlər, səbəblər və nəticələr aydın şəkildə qeyd olunmalıdır."
Əli Ələkbərov əlavə edib ki, Rusiyanın ölkəmizə qarşı münasibətləri tarixi perspektivdə ciddi şəkildə təhlil edilməlidir:
"Biz Rusiyanın uzun illərdir regionda həyata keçirdiyi siyasətin nəticələrini yaxşı görürük. Tariximizdə belə hadisələrin unudulmasına imkan verməməli, onları dərindən araşdırıb gənc nəsillərə ötürməliyik."