2024-cü il artıq başa çatır. Qarşıdan yeni il gəlir. Biz iki bayramı bir yerdə qeyd edirik. Mən sizi həm Dünya Azərbaycanlılarının Həmrəylik Günü, həm də Yeni il bayramı münasibətilə təbrik edirəm!
Tehsil365 xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bayram münasibətilə xalqı təbrik edib. 2024-cü ili bizim üçün uğurlu hesab etmək olar. Dövlət İmtahan Mərkəzi ictimaiyyətlə, xüsusilə təhsil ictimaiyyəti ilə sıx əlaqədə olan bir qurum kimi, üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirməyə çalışıb. Dövlət İmtahan Mərkəzi tərəfindən demək olar ki, hər il yeni növ imtahanlar təşkil olunur və ümumilikdə bizim imtahanların sayı artıq əlliyə yaxınlaşır. İl ərzində biz demək olar ki, hər həftə müxtəlif kontingentə aid şəxslər üçün imtahan keçiririk. İmtahanlarda iştirakçı sayı bu il 610 min nəfərdən çox olub. Bu il həmçinin Mərkəzin elektron imtahanlar korpusu istifadəyə verildi və biz kompüterlər vasitəsilə daha çox imtahan keçirməyə müvəffəq olduq.
Dövlət İmtahan Mərkəzinin elektron xidmətlərindən istifadə sayı da 12 milyon dəfədən artıq olub.
Bütün görülən işlər bizim əməkdaşlarımızla yanaşı, imtahan prosesinin idarə olunmasına cəlb olunan məktəb və universitet müəllimlərinin, müxtəlif dövlət orqanlarında, Milli Elmlər Akademiyasının institutlarında, eləcə də digər qurumlarda – səhiyyə, fövqəladə hallar, polis orqanlarında çalışan insanların birgə əməyi, səyi nəticəsində uğurla həyata keçirilir.
Bu bizim həmrəyliyimizin bir göstəricisidir. Əminəm ki, 2025-ci il də hamımız üçün uğurlu olacaq və hazırda mövcud olan birlik və həmrəyliyimiz qarşıdakı illərdə də inkişafımızı təmin edəcək.
Gələcək imtahan iştirakçılarına da yeni ildə zehin açıqlığı, uğurlar arzu edirəm. Bilirəm, hər birinizi 2025-ci ilin imtahan təqvimi maraqlandırır. Məlumat üçün qeyd edim ki, bayram günlərindən sonra imtahan qrafikinin paylaşılması nəzərdə tutulur.
Bir daha hər birinizi ürəkdən təbrik edirəm. Bayramınız mübarək olsun!