Son günlər sosial şəbəkələrdə Lənkəranda bir neçə yeniyetmənin qəbiristanlıqda qeyri-etik hərəkətlər etməsini əks etdirən görüntülər yayımlanıb. Bu məsələ geniş müzakirələrə səbəb olmaqla yanaşı, cəmiyyətimizin mənəvi dəyərlərinə, mərhumlara hörmət prinsipinə və gələcək nəsillərin etik tərbiyəsinə diqqət yetirilməsinin vacibliyini bir daha gündəmə gətirib.
Mövzu ilə bağlı "Təhsil365"ə açıqlamasında təhsil eksperti Əli Ələkbərov bildirib ki, hər bir yeniyetmə həm ailəsinin, həm də cəmiyyətin güzgüsüdür. Onun sözlərinə görə, belə halların baş verməsi valideynlərin uşaqlarına mənəvi dəyərləri daha yaxşı aşılamasını, məktəblərin isə tərbiyəvi funksiyalarını gücləndirməsini zəruri edir:
"Təkcə ailələr deyil, bütövlükdə cəmiyyətimiz belə davranışlara qarşı həssas yanaşmalı və profilaktik tədbirlər görməlidir. Yeniyetmələrə etik davranış qaydalarını öyrədən seminarların təşkili, sosial layihələrin həyata keçirilməsi və məktəblərdə xüsusi tərbiyəvi proqramların tətbiqi bu istiqamətdə atılmalı olan əsas addımlardır."
Ekspert əlavə edib ki, bu hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının operativliyi təqdirəlayiqdir. Lakin cəzadan daha çox tərbiyəvi işlərin həyata keçirilməsi daha effektiv nəticələr verə bilər.
"Cəmiyyət olaraq bu hadisələrdən nəticə çıxarıb həmrəylik göstərməli, yeniyetmələrimizin mənəvi dəyərlərə sadiq və etik davranışlara riayət edən fərdlər kimi formalaşmasına dəstək olmalıyıq. Bu istiqamətdə valideynlər və təhsil müəssisələri arasında sıx əməkdaşlıq vacibdir."
Ekspertin fikrincə, maarifləndirmə işlərinin artırılması, birgə tədbirlərin təşkil olunması və tərbiyəvi funksiyaların gücləndirilməsi gənc nəslin sağlam və dəyərli bir cəmiyyət üçün yetişməsinə xidmət edəcək.