9 fevral 1441-ci ildə Herat şəhərində anadan olmuş Əlişir Nəvai, Türk ədəbiyyatının və dilçiliyinin görkəmli simalarından biridir. O, aristokrat ailəsində dünyaya göz açmış, Teymuroğulları sarayında böyümüş və uşaqlıq dostu Hüseyn Bayqara ilə birlikdə təhsil almışdır. Hüseyn Bayqara Teymurilər dövlətinin hökmdarı olduqdan sonra Nəvai mühüm dövlət vəzifələrinə gətirilmiş, möhürdarlıq, divanbəyilik və "əmir" rütbəsi ilə təltif edilmişdir.
"Tehsil365"in məlumatına görə, dövrünün mədəniyyət xadimlərindən biri kimi tanınan Nəvai Heratı o dövrün ən önəmli mədəniyyət mərkəzinə çevirmiş, memarlıq, incəsənət və ədəbiyyat sahələrində mühüm işlər görmüşdür. O, Türkçülük və Türk dilçiliyinin inkişafı istiqamətində çalışmış, bu sahədə əvəzsiz xidmətlər göstərmişdir.
Nəvai 32 dəyərli əsərin müəllifidir. Onun ən məşhur əsərləri arasında "Mühakəmət-ül Lüğəteyn", "Məcalisün-Nəfais", beş məsnəvidən ibarət olan "Xəmsə" və "Divan" toplusu yer alır. "Mühakəmət-ül Lüğəteyn" əsərində Türk və fars dillərini müqayisə edərək, Türk dilinin zənginliyini və ifadə gücünü ön plana çıxarmışdır. "Məcalisün-Nəfais" adlı əsəri isə bir növ ədəbiyyat tarixi olub, XV əsrdə Türküstan və İranda yetişən şairlər haqqında dəyərli məlumatlar təqdim edir.
Nəvai öz əsərlərində Türk dilinin ifadə imkanlarını geniş təsvir etmiş, onun fars və ərəb dilləri qarşısında üstünlüklərini göstərmişdir. "Mühakəmət-ül Lüğəteyn" əsərində Türk dilinin zəngin lüğət ehtiyatı və ifadə gücü ilə bağlı bir çox nümunələr gətirmişdir. O, qeyd edirdi ki, Türk dili daha aydın və parlaqdır, türklərin isə yüksək intellektual səviyyəyə sahib olması dilin inkişafına müsbət təsir etmişdir.
Əlişir Nəvai təkcə bir şair deyil, həm də Türk dilinin qoruyucusu və inkişaf etdiricisi kimi tanınır. Onun əsərləri bu gün də Türk ədəbiyyatının dəyərli nümunələri hesab olunur.