Bakı Dövlət Universitetində (BDU) Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) nümayəndələri ilə görüş keçirilib.
Bu barədə “Tehsil365”-ə BDU-dan məlumat verilib.
Görüşdə bildirilib ki, 2012-ci ildən bəri YTB-nin koordinasiyası ilə müvafiq qurum və təşkilatlarla əməkdaşlıq şəraitində dünyanın müxtəlif ölkələrindən Türkiyəyə təhsil almaq məqsədilə gələn tələbələrə müxtəlif təqaüd proqramları təqdim edilir. Bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə uzun və qısamüddətli proqramlar çərçivəsində hər il 175-dən çox ölkədən təxminən 165 min müraciət alınır və 5 min yeni beynəlxalq tələbəyə təqaüd verilir.
1992-ci ildən bəri proqramın 3000 azərbaycanlı məzunu olub, ümumilikdə isə 5700 azərbaycanlı tələbəyə təqaüd verilib. Hazırda 700 azərbaycanlı tələbə sözügedən təqaüd proqramı ilə Türkiyədə təhsil alır. Təqaüdün məbləğinə proqrama seçilən tələbənin universitetə və yataqxanaya yerləşdirilməsi, gediş-dönüş bileti, aylıq təqaüdü, sağlamlıq sığortası, təhsil xərcləri, 1 il ərzində türk dilini öyrənmək və sosial fəaliyyətlərlə məşğul olmaq imkanı daxildir.
Daha sonra tələbələrlə görüş keçirilib, tələbələrə təqaüd proqramları barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.