Bu gün, 12 mart 2025-ci il, Azərbaycanın görkəmli musiqişünası, etnoorqanoloq və pedaqoq, sənətşünaslıq doktoru, professor Səadət Abdullayevanın vəfatının səkkizinci ildönümüdür. O, 12 mart 2017-ci ildə, 77 yaşında Bakı şəhərində dünyasını dəyişmişdir.
“Tehsil365” xəbər verir ki, Səadət Abdullayeva 18 yanvar 1940-cı ildə Bakı şəhərində anadan olmuşdur. Atası Abutalıb Abdullayev Sovet Azərbaycanının nazirlərindən biri idi. 1957-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini bitirmiş, daha sonra Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuşdur. 1962-ci ildə konservatoriyanı "Azərbaycan xalq musiqisi" ixtisası üzrə bitirmişdir.
1962–1971-ci illərdə Memarlıq və İncəsənət İnstitutunun "Musiqi" şöbəsində kiçik elmi işçi kimi çalışmış, 1965–1967-ci illərdə isə həmin institutda aspiranturada təhsil almışdır. 1971–1979-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında "Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi" kafedrasında müəllim, baş müəllim, 1979–1992-ci illərdə dosent, 2004-cü ildən isə professor kimi fəaliyyət göstərmişdir. O, 15 doktorantın elmi işinə rəhbərlik etmişdir. 1978-ci ildə SSRİ Bəstəkarlar İttifaqının üzvü seçilmişdir.
Səadət Abdullayevanın tədqiqatları Azərbaycan milli musiqi alətlərinin inkişaf tarixi, səs xüsusiyyətləri və istifadəsi, bu alətlərin digər türk xalqlarının alətləri ilə oxşarlığının araşdırılması kimi mövzuları əhatə edirdi. O, Azərbaycanda musiqi alətləri üzrə tədqiqatların əsasını qoyanlardan biri hesab olunur.
Onun "Azərbaycan xalq çalğı alətləri" (2000) kitabı Azərbaycan ənənəvi musiqi alətlərinin inkişaf tarixi, morfologiyası, sistematikası, texniki və bədii-ifadə imkanlarını ilk dəfə əhatəli şəkildə araşdırmışdır. Həmçinin, "Azərbaycan çalğı alətləri dünyanı valeh edir" (2016) monoqrafiyasında qədim dövrlərdən bu günə qədər Azərbaycan ərazisində yayılan və istifadə edilən çalğı alətləri təsvir edilmiş, onların inkişaf xüsusiyyətləri tədqiq olunmuşdur.
Səadət Abdullayevanın Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələr daim xatırlanacaq və onun əziz xatirəsi musiqi ictimaiyyətinin yaddaşında yaşayacaqdır.